Ağsuda kafedə insident olub.
Lent.az xəbər verir ki, hadisə Abasxanlı kəndində qeydə alınıb.
İttiham aktına görə, 32 yaşlı Şahin İsmayılov (şərti adla) kənddə yerləşən çayxanaya gedərək çay istəyib. Lakin çayı gec gətirildiyi üçün o, əsəbiləşərək, nalayiq ifadələr işlədib. Masanın üzərindəki çayniki müştərilərdən birinə atıb. Müştəri başını çəkdiyi üçün çaynik divara dəyərək qırılıb. Daha sonra Şahin armudu stəkanları, nəlbəkiləri və plastik oturacaqları sındırıb. Həmçinin kafeni müvəqqəti işlədən zərərçəkəni yumruq zərbələri ilə döyərək, xəsarətlər yetirib.
Bu əməlləri ilə o, kafenin sahibinə maddi ziyan vurub. Sahibkarın şikayəti əsasında Şahin İsmayılov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, kafeni müvəqqəti işlədən Ərəstunun (şərti adla) ona 450 manat pul borcu olub. Onun sözlərinə görə, əvvəlcə mətbəxdə spirtli içki içib. Sonra borcunu istəyib, lakin ala bilməyib. Daha sonra çayxananın zalına keçərək çay istəyib. Şahin bildirib ki, zalda hər masaya çay gətirilsə də, o, çaysız qalıb. Nəticədə o, əsəbiləşərək, məlum əməli törədib.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini və zərərçəkənlərlə barışdığını deyib. Zərərçəkənlər də həmçinin Şahinə qarşı şikayət və tələblərinin olmadığını bildiriblər.
Məhkəmənin qərarı ilə Ş. İsmayılov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evi, 1 il ərzində isə Ağsu rayonunu tərk edə bilməz.