"Faizə pul verirdi"  - Zal Yusifovun oğlu məhkəmədə DANIŞDI
05 avqust 2026 13:45 (UTC +04:00)

"Faizə pul verirdi" - Zal Yusifovun oğlu məhkəmədə DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə tərkibinin dəyişməsi səbəbindən yeni tərkib istintaqının yeniləndiyini bildirib.

Anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib. Daha sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib. 

İttihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.

Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər. Təqsirləndirilən İslam Yusifov ona qarşı irəli sürülən ittihamlarda özünü qismən təqsirli bildiyini deyib.

Zərərçəkən S. G təqsirləndirilən İslam Yusifovla 2019-cu ildən tanış olduğunu deyib:

"Mənim "Şah su" şirkətim var idi, 2022-ci ildə bağladım. Onun şirkəti bizimlə əməkdaşlıq edirdi. Yusifovun özünü görmürdüm, şirkətinin  əməkdaşları gəlirdi. Bu əməkdaşlıqla bağlı borcu xeyli gecikirdi. Bir müddət borc yığıldı, sonra İslam obyektini satıb borcu bağladı. Biz 2021-ci ildə yenidən görüşdük. İşlərlə bağlı danışdıq. Dedim gəl, birlikdə iş görək. Bundan sonra bir neçə alış-verişlərimiz oldu. Onun borcları vardı, mən borclarında Yusifova kömək elədim. Sonra bir yerə gedib 200 000 manat pul götürüb mənə borcunu bağladı. Biz Təhsil Nazirliyi ilə bağlı tenderə qoşulduq. Bununla bağlı 308 min dollar məbləğ ödədim, öz öhdəliyimi yerinə yetirdim. May ayından sonra o ödəməsini etmədi deyə iş yoxa çıxdı".

Təqsirləndirilən İslam Yusifov zərərçəkənin dediklərinin yalan olduğunu və onun faizlə pul  borc verdiyini iddia edib.

Növbəti proses 19 avqust saat 16:30-a təyin edib.

Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar