Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Binəqədi rayonunda köhnə tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnika və şəxsi heyəti cəlb edilib.
Qərargah rəisi bildirib ki, 1000 kv metr tikilinin 400 kv metri yanıb, o cümlədən yanğının tikilinin qalan sahəsinə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısın alınıb:
“Bəzi nöqtələrdə tüstüləmələr müşahidə olunsa da, yanğın söndürülüb. Vətəndaşlardan xəsarət alan olmasa da, iki əməkdaşımız yüngül xəsarət alıb. Dəymiş ziyan və yanğının baş vermə səbəbi araşdırılıdıqdan sonra məlum olacaq”.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə “Nəsimi" metrostansiyasının yaxınlığında baş verən yanğın səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (kişi) yerində yardım olunub.
***
14:12
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
FHN-dən Lent.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetnə Xidmətinin 14 texnikası, 66 şəxsi heyəti cəlb edilib.
***
13:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin 6-cı mikrorayon, "Nəsimi " metrosunun yaxınlığında, "Milyonerlər məhəlləsi"ndə baş verdiyi bildirilir.