Yanvarın 12-də "Real" baş məşqçi Xabi Alonsonun müqaviləsinə xitam verildiyini elan edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, klubun ispan məşqçini işdən çıxarmaq qərarına Səudiyyə Ərəbistanında keçirilən İspaniya Super Kuboku finalından İspaniyaya qayıtdıqdan sonra komanda rəhbərliyi ilə apardığı söhbət səbəb olub.
Mənbənin məlumatına görə, Alonso "Real"ın ofisində mövcud vəziyyətdən bezdiyini və "Damokl qılıncı altında yaşamağı" sevmədiyini bildirib. Bu şərhlər rəhbərliyi belə bir məşqçinin komandanın böhranı aradan qaldırmasına və titul uğuruna qayıtmasına kömək edə bilməyəcəyi qənaətinə gətirib çıxarıb.
Həmçinin bildirilir ki, "Real" rəhbərliyi Xabinin özünəməxsus stilini tapa bilməməsindən məyusdur. Qeyd etmək lazımdır ki, Alonso klubda 34 oyun keçirib, 24 qələbə, 6 məğlubiyyət və 4 heç-heçə qeydə alınıb.