Qəbələdə su anbarının təməli qoyuldu –
08 aprel 2011 15:10 (UTC +04:00)

Qəbələdə su anbarının təməli qoyuldu –

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə Qəbələdə su anbarının təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, şəhərin su və kanalizasiya sistemlərinin yenidən qurulması Regionların Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının tərkib hissəsidir. O, layihənin icrasının rayon əhalisinin içməli suya olan tələbatının tam ödənilməsinə və regionda turizmin inkişafına gətirib çıxaracağını söyləyib.


“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev isə mərasimdəki çıxışında deyib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün şəhər və rayon mərkəzlərində su və kanalizasiya sistemləri yenidən qurulacaq və əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaq.


İlqar Tağıyev bildirib ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması 2 mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə suqəbuledici kompleks, o cümlədən 6 ədəd subartezian quyusunun qazılması, hər birinin tutumu 1000 kubmetr olan 2 ədəd su anbarının inşası, 16 km uzunluğunda boru xəttinin çəkilişi, xlorator qurğusu və laboratoriya binasının inşası daxil edilib. Onun sözlərinə görə, birinci mərhələdə nəzərdə tutulan işlər 2012-ci ilin sonunda başa çatdırılacaq. İkinci mərhələdə isə Qəbələ şəhərində 4 ədəd su anbarının, çirkab su təmizləyici qurğunun tikintisi, eləcə də su və kanalizasiya şəbəkəsinin yenidən qurulması planlaşdırılır.

Xatırladaq ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Dünya Bankının Azərbaycan Hökuməti ilə birlikdə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilir.
# 1292

Oxşar yazılar