Azərbaycan kəndliləri kooperativlərdə birləşəcək
15 aprel 2011 17:56 (UTC +04:00)

Azərbaycan kəndliləri kooperativlərdə birləşəcək

Lent.az-ın xəbərinə görə, iclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu qanun kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Onun fikrincə, layihə kooperasiya prosesində yaranan münasibətləri tənzimləyir: “Kooperativləşmə birdən-birə olmayacaq, bu, uzun müddət tələb edən prosesdir. Həmin kooperativlər qeyri-kommersiya təşkilatları olacaq”.

İqtisadçı millət vəkili Əli Məsimli isə deyib ki, qanunun qəbul edilməsilə Azərbaycanda aqrar islahatların yeni mərhələsinə keçilməsinə nail olunacaq. “Kooperativlər kəndlilərin gəlirlərinin artırılmasına, az əmək sərf etməklə çox gəlir əldə edilməsinə, kəndlilərin işlərinin səmərəliliyinin artırılmasına və s. bu kimi nailiyyətlərə imza atacaq”-deyə, Məsimli bildirib.
O, təklif edib ki, kooperativlərin köhnə kolxoz sistemi ilə qarışdırılmaması üçün parlamentdən və müvafiq icra qurumlarından bir qrup nümayəndə bu sahədə təcrübəsi olan qərb ölkələrinə səfər etsin.


Kənd təsərrüfatının inkişafında yeni istiqamətlərin tələb olunduğunu deyən deputat Fəzail Ağamalı da layihənin təsdiqinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, qanun layihəsi birinci oxunuşdan sonra yerlərdə ictimaiyyətin müzakirəsinə verilsə, daha məntiqli olar.

Millət vəkili Siyavuş Novruzov da qanunun ictimaiyyətin müzakirəsinə verilməyinin tərəfdarı olub. O qeyd edib ki, bu qanun son zamanlar ən çox lazım olan qanun layihələrindəndir. “Vaxtı ilə Heydər Əliyev torpaqları kəndlilərə paylayarkən bunun hələ birinci mərhələ olduğunu bildirmişdi. Kooperativlərin yaradılması da məhz bu siyasətin davamıdır”-deyə, S.Novruzov söyləyib.
Qanunun heç bir əlavə dəyişiklərə ehtiyacı olmadığını deyən S.Novruzov bunun üçün şəxsən Aqrar siyasət komitəsinin sədri E.İbrahimova təşəkkür edib.

Qanun layihəsi birinci oxunuşda 103 deputatın lehinə səs verməsi ilə qəbul edilib.

Mübariz Aslanov
# 615

Oxşar yazılar