“Minimum məbləğdə pensiya alma halı tam aradan qalxacaq”
17 may 2011 18:27 (UTC +04:00)

“Minimum məbləğdə pensiya alma halı tam aradan qalxacaq”

Bu gün Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Lent.az-ın verdiyi məlumata görə, bu yöndə jurnalistlərin suallarını cavablandıran Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev deyib ki, bu, Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilib.

Elman Mehdiyev qeyd edib ki, pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tamamlanması Azərbaycanın pensiya sisteminin keçid dövrü ölkələri üçün model kimi təqdim olunması fikrini bir daha möhkəmləndirir. Onun sözlərinə görə, təklif olunan dəyişiklik nəticəsində əvvəlki qaydaların şamil olunduğu bütün pensiya işləri üzrə pensiyaların yenidən hesablanması aparılacaq, nəticəsində təqribən 845 min nəfərin pensiyası orta hesabla 40 faizdən yuxarı artırılacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini bildirib ki, pensiyaların orta aylıq məbləği hazırkı 114 manat səviyyəsindən birdən-birə böyük bir addımla 150 manata qədər qalxacaq: “Bu, 200 dollara yaxın bir rəqəmlə ifadə olunur və əgər biz paritet alıcılıq qabiliyyətinə çevirərək müqayisə etsək, MDB-də ən yüksək göstərici deməkdir. Bütün bunlar pensiya sisteminin əsas göstəricisi olan əvəzetmə əmsalına, yəni orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə birbaşa təsir edəcəkdir. Əgər orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 2002-2003-cü illərdə 26-27 faizlə ifadə olunurdusa, hazırda bu göstərici 34 faizdir, tədbir reallaşdırıldıqdan sonra isə 47 faizə qalxacaq. Beləliklə, bütövlükdə ölkə üzrə pensiyaların orta məbləği qəbul olunmuş öhdəliyi, yəni orta əməkhaqqının 40 faizi səviyyəsini aşacaq”.

Elman Mehdiyev yeni qaydaların tətbiqindən sonra bugünkü minimum məbləğdə pensiya alma halının demək olar ki, tam aradan qalxacağını söyləyib: “Hər bir şəxsin pensiya məbləğinin minimum məbləğdən artım dərəcəsi isə onun iş stajı illərinin sayına bağlı olacaq. Tədbirin reallaşdırılması üçün illik tələb olunan vəsaitin 390 milyon manat, cari ilin 6 ayında isə 195 milyon manat təşkil edəcəyi ehtimal olunur”.
# 796

Oxşar yazılar