“Günə 20 manata həyatda qalmağa çalışırdım” – Onlayn kazino  işi üzrə MƏHKƏMƏ
18 avqust 2026 12:01 (UTC +04:00)

“Günə 20 manata həyatda qalmağa çalışırdım” – Onlayn kazino işi üzrə MƏHKƏMƏ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov, Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlının cinayət işinə baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib.

Təqsirləndirilən Siyasət Rəcəbov özünü irəli sürülən ittihamlar üzrə təqsirli bilmədiyini söyləyib. O, maddi çətinlik və işsizlik səbəbindən bu işlə məşğul olduğunu deyib:

“Pulsuzluq və işsizlikdən məcbur oldum. Ceyhun Nuruşovu Cəlilabaddan tanıyırdıq. İslamla mənə işi təklif edəndə çarəsizlikdən qəbul etdik. Fəhləlik edən, əziyyət çəkən biri üçün yalnız telefonlara baxaraq günə 20 manat qazanmaq rahat görünürdü”.

Siyasət Rəcəbov bildirib ki, pul dövriyyəsinə Ceyhun Nuruşov nəzarət edib. Onun sözlərinə görə, vəzifəsi müştərilərin suallarını cavablandırmaq, kart nömrələrini göndərmək və saytlara giriş kodlarını təqdim etmək olub:

“Əvvəldən özümdə olan kartlardan istifadə edirdim. İki karta pul göndərirdilər. Mən də həmin pul müqabilində müştərilərə saytlara giriş üçün kod verirdim. İşin mahiyyətini tam bilmirdim, amma çox güman ki, qumar oynayırdılar. Yığılan pulların məbləğini bilmirdik. Vəsait qeyri-müəyyən karta köçürülürdü. Mən yalnız günə 20 manata işləyərək həyatda qalmağa çalışırdım”.

Təqsirləndirilən şəxs oktyabrın 15-də İslam Rzayevlə birlikdə saxlanıldığını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 8-i saat 10:30-a təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin 2025-ci ilin noyabrında keçirdiyi əməliyyat zamanı Siyasət Rəcəbov, İslam Rzayev, Şikar Əliyev, Rəsul Həşimov, Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər xarici ölkələrdə fəaliyyət göstərən “fastloto.com” və “chcplay.net” qanunsuz qumar və idman mərc saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq virtual kassalar qurublar.

İttihama əsasən, dəstə üzvləri sosial şəbəkələrdə yaratdıqları “Batumi Kazino”, “Priz Kazino” və digər səhifələr vasitəsilə vətəndaşları onlayn ödəniş müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.

Təqsirləndirilən şəxslərin paytaxtın Xətai, Yasamal və digər rayonlarındakı ofis və mənzillərinə baxış zamanı elektron sübutlar, bank kartları və mobil nömrələr aşkarlanıb. Bank kartlarının müxtəlif şəxslərdən ödəniş qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyənləşdirilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakı xeyli miqdarda leqallaşdırma, internet resurslarından istifadə etməklə və qabaqcadan əlbir olan qrup halında qumar oyunları təşkil etmə maddələri ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar