Qışın sonlarında kartofun qiyməti artır və bir çox insanın evində bu tərəvəz xarab olmağa başlayır: cücərir, büzüşür və görünüşünü itirir. Buna görə də çoxları belə kartofun yeyilib-yeyilməyəcəyini bilmir.
Lent.az cücərmiş kartofun hansı hallarda yeyilə biləcəyini və nə vaxt onu tullamaq lazım olduğunu diqqətinizə çatdırır. Kartof kimi badımcançiçəklilər fəsiləsinə aid bitkilərdə təbii toksinlər qlikoalkaloidlər (çakonin və solanin) olur. Bu maddələr çox toplandıqda kartof qida üçün yararsız hala gəlir.
Cücərmiş kartofu yemək olarmı?
Gənc kartofda toksinlərin miqdarı minimal olur. Lakin kartof köhnəldikcə, cücərdikcə və ya günəş şüaları təsiri ilə yaşıllaşdıqca qlikoalkaloidlərin səviyyəsi ciddi şəkildə arta bilər. Bu zərərli maddələrin artması insanlarda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə toksinlərin yüksək miqdarı cücərtilərin, “gözlərin” və yaşıl ləkələrin olduğu yerlərdə olur. Buna görə bəzi hallarda cücərmiş kartofu yemək olmaz.
Diqqət çəkən məqam odur ki, kartof bişirildikdə qaynadıldıqda, qızardıldıqda və ya sobada bişirildikdə qlikoalkaloidlərin miqdarı əhəmiyyətli dərəcədə azalmır. Yəni istilik emalı bu toksinləri tam məhv etmir.
Cücərmiş kartofun zərərləri nə vaxt onu atmaq lazımdır
Solanin zəhərlənməsi ilə bağlı bir neçə hadisə təsvir olunub. Bu zəhərlənmənin əsas əlamətləri ürəkbulanma, ishal, qarın ağrısı, qusma və başgicəllənmədir. Məsələn, mənbədə qeyd olunur ki, cücərmiş kartof yedikdən sonra bir kişi xəstəxanada üç gün müalicə almalı olub. O, qarın ağrısı, qusma və başgicəllənmə şikayətləri ilə müraciət edib. Ev şəraitində kartofda toksinlərin təhlükəli miqdarda olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. ABŞ-ın Ayova Dövlət Universiteti isə belə kartofları atmağı tövsiyə edir:
büzüşmüş və yumşalmış kartof
qabığının altında yaşıl rəng əmələ gəlmiş kartof
uzunluğu 2,5 sm-dən çox olan cücərtiləri olan kartof
Kartof bərkdirsə, yaşıl ləkələr yoxdursa və cücərtilər qısadırsa, qabığı və cücərtiləri təmizləndikdən sonra qlikoalkaloidlərin miqdarı azalır. Bu halda onu yemək üçün istifadə etmək mümkündür.