Narıngilərin əsasən sudan və vitaminlərdən ibarət olduğu düşünülür. Buna görə də onların istifadəsində heç bir məhdudiyyət olmadığını zənn edir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, yanlış fikirdir.
Gündə neçə narıngi yemək olar?
Həkim-qastroenteroloqlar və dietoloqlar xəbərdarlıq edirlər ki, sitrus meyvələrinin nəzarətsiz yeyilməsi qaraciyərə, mədəaltı vəzə və hətta böyrəklərə ciddi zərər vura bilər. Vitamin C orqanizmdə “ehtiyat üçün” toplanmır, böyrəklər vasitəsilə xaric olunur və bu da onlara böyük yük yaradır.
Bundan əlavə, meyvə turşuları normadan artıq qəbul edildikdə mədənin selikli qişasını zədələyir və əvvəllər heç bir şikayəti olmayan insanlarda belə qastrit yarada bilər. Mütəxəssislərin səsləndirdiyi rəqəmlər sizi məyus edə bilər, lakin məhz bu normalar allergik səpkilərdən və həzm problemlərindən qoruyur.
Böyüklər üçün
Maksimum təhlükəsiz norma gündə 4-5 narıngi (təxminən 300 qram) hesab olunur. Daha çox yeyildikdə artıq immun sisteminizlə riskə gedirsiniz.
Uşaqlar üçün
Uşaqlarda norma daha sərtdir. 3 yaşına qədər körpələrə sitrus meyvələri, ümumiyyətlə, verilməməli və ya yalnız bir dilimlə məhdudlaşdırılmalıdır. Məktəbəqədər yaşlı uşaqlara isə gündə 1-2 narıngi icazə verilir.
“Niyə ağ lifləri atmaq olmaz"?
Siz də narıngiləri qabığının altındakı ağ torcuqdan tam təmizləyirsiniz? Bu, düzgün deyil. Məhz həmin ağ qatın, yəni albedonun tərkibində nobiletin adlı unikal maddə var. Bu maddə orqanizmi piylənmə, şəkərli diabet və aterosklerozdan qorumağa kömək edir.
Narınginin lətində çoxlu şəkər, yəni fruktoza var, ağ liflər isə bu şəkərin daha yavaş sorulmasına kömək edən lif rolunu oynayır və insulinin kəskin yüksəlməsinin qarşısını alır. Meyvəni “ideal” şəkildə təmizləməklə siz faydalı qəlyanaltını öz əlinizlə şəkər bombasına çevirirsiniz.
Narıngilər kimlər üçün qəti qadağandır?
Risk qrupuna daxil olan insanlar üçün hətta bir narıngi belə təhlükəli ola bilər. Aşağıdakı hallarda sitrus meyvələrindən imtina edin və ya onların istifadəsini minimuma endirin:
Mədənin xorasında və ya turşuluğu yüksək olan qastritdə turşu dərhal mədə yanması və ağrı yarada bilər. Şəkərli diabetdə narıngilərin qlisemik indeksi kifayət qədər yüksəkdir. Həssas diş minasına malik olduqda turşu dişləri konfetdən daha tez zədələyir.
Narıngi yedikdən sonra mütləq ağzınızı su ilə yaxalayın. Maksimum fayda əldə etmək və özünüzə zərər verməmək üçün sadə bir qaydanı yadda saxlayın: narıngiləri heç vaxt acqarına yeməyin. Ən uyğun vaxt səhər yeməyi və ya nahardan sonra desert kimi qəbul etməkdir.