Mütəxəssislər bildirirlər ki, mətbəxdəki mühit, düzgün seçilməmiş rəng palitrası, interyer və hətta qab-qacaq belə çox yeməyə meyli artıra bilər. Dietoloqlar insanı daha çox yeməyə sövq edən amillərdən danışıb və arıq qalmaq istəyənlərə bəzi əşyalardan imtina etməyi tövsiyə ediblər.
Bu barədə Lent.az məlumat verir:
Böyük boşqablar və stəkanlar
Böyük boşqablardan yeyən insanlar, adətən, kiçik boşqablardan istifadə edənlərə nisbətən daha çox qida qəbul edirlər. Psixoloji olaraq böyük boşqab porsiyanın əslində olduğundan daha az olduğu illüziyasını yaradır. Buna görə də daha kiçik qab-qacaq və süfrə alətlərindən istifadə etmək məsləhətdir.
Böyük masalar
Masaya sərilən iri süfrə də porsiyanın real ölçüsünü olduğundan kiçik göstərən illüziya yarada bilər. Bu isə həddindən artıq yeməyə səbəb olur. Daha kiçik masalara və yüngül süfrələrə üstünlük vermək tövsiyə olunur.
Parlaq divarlar və mebellər
Divarlarda və mətbəx mebellərində parlaq rənglər iştahanı stimullaşdıra və yemək istəyini artıra bilər. Buna görə də divarlar üçün boz, ağ və ya bej kimi daha sakit və neytral rəng çalarları seçmək daha məqsədəuyğundur.
Həddindən artıq yumşaq stullar və divanlar
Rahat və yumşaq oturacaqlar insanı masada daha uzun müddət qalmağa təşviq edir. Bu isə istər-istəməz daha çox yeməyə gətirib çıxarır. Mütəxəssislər yumşaq stul və divanları nisbətən sərt oturacaqlarla əvəz etməyi məsləhət görürlər.
Televizor
Mətbəxdə televizorun olması da həddindən artıq yeməyə səbəb olur. Serial və verilişlər diqqəti yeməkdən yayındırır və insan nə qədər yediyini hiss etmədən çox qida qəbul edir. Buna görə də yemək zamanı televizoru söndürmək daha doğrudur.