Niyə qəhvədən sonra su içmək vacibdir?
09 yanvar 2026 14:04 (UTC +04:00)

Niyə qəhvədən sonra su içmək vacibdir?

0

Adi su qəhvəni orqanizm üçün daha faydalı edə, eyni zamanda onun dadını və aromasını maksimum dərəcədə üzə çıxara bilər. Bir çox məkanda dəbdəbəli restoranlardan tutmuş kiçik kafelərə qədər qara qəhvə ənənəvi olaraq bir stəkan sərin və təmiz su ilə birlikdə təqdim olunur. Bu adət Avropada XIX əsrin sonlarında yaranmış və isti iqlim şəraitində qəhvə mədəniyyətinin formalaşdığı Yaxın Şərq ölkələrindən götürülüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ilk dövrlərdə qəhvənin yanında su praktiki səbəblərlə verilirdi: isti havada qəhvə susuzluğu artırırdı, su isə onu yatırmağa kömək edirdi. Zamanla bu ənənə qastronomik izah da qazandı. Qəhvə ilə suyu növbə ilə içdikdə dad reseptorları “sıfırlanır” və nəticədə hər növbəti qurtum ilk qurtum qədər zəngin, aromatik və parlaq hiss olunur.

Suyun nə vaxt içilməsi ilə bağlı bir neçə yanaşma mövcuddur. Bəziləri qəhvədən sonra bir qurtum su içərək içkinin təsirini yumşaltmağa və ağız boşluğunu təzələməyə üstünlük verir. Digərləri isə qəhvədən əvvəl su içir, bununla dad hissini təmizləyərək qəhvənin dadını daha yaxşı qavrayırlar. Elələri də var ki, qəhvə qurtumları arasında su içir, bu yolla dadın təmiz qalmasını və acılığın yığılmamasını təmin edirlər.

Adətən su bütün qəhvə növləri ilə təqdim olunmur. Ən çox espresso və klassik qara qəhvə ilə birlikdə verilir. Kapuçino və ya latte kimi südlü və ya qaymaqlı içkilər üçün su artıq hesab olunur, çünki süd əlavələri dadı yumşaldır və kofeinin qıcıqlandırıcı təsirini azaldır.

Mütəxəssislər qeyd edirlər ki, qəhvənin yanında su içmək sağlamlıq baxımından da faydalıdır. Kofein yüngül sidikqovucu təsirə malikdir, buna görə bir neçə qurtum su orqanizmin su balansını qorumağa kömək edir. Bundan əlavə, qəhvədən sonra ağzı su ilə yaxalamaq diş minasının qaralması riskini azaldır və mədənin selikli qişasına turşu təsirini zəiflədir. Məhz buna görə qara qəhvə ilə su təqdim etmək ənənəsi bu gün də qalmaqdadır və yalnız qəhvə etiketi elementi deyil, eyni zamanda qonağın rahatlığına göstərilən qayğının ifadəsi sayılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2445

Oxşar yazılar