Otaq bitkilərini niyə krant suyu ilə  sulamaq olmaz?
16 yanvar 2026 11:54 (UTC +04:00)

Otaq bitkilərini niyə krant suyu ilə sulamaq olmaz?

0

Bütün su növləri otaq bitkiləri üçün eyni dərəcədə faydalı deyil. Bəzi bitkilər minerallar və kimyəvi qatqılar səbəbindən kran suyuna pis reaksiya verə bilər. Mütəxəssislər suvarmada səhvlərdən necə qaçmağı izah ediblər. Otaq bitkilərini suvarmaq üçün su seçimi onların vəziyyətinə və görünüşünə birbaşa təsir edə bilər. Kran suyu ən rahat variant kimi görünsə də, bitkilərə qulluq üzrə mütəxəssislər onun istifadəsində ehtiyatlı olmağı tövsiyə edirlər.

Bu barədə Lent.az məlumat verir:

Mütəxəssislərin sözlərinə görə, kran suyunun tərkibində tez-tez xlor, flüor və mineral qarışıqlar olur. Bəzi bitkilər üçün bu maddələr təhlükəli sayılmasa da, həssas növlər yarpaqların saralması və ya kənarlarının, uclarının qəhvəyi rəng alması ilə reaksiya verə bilər. Ən çox bu problem kalateya, maranta, drasena və “hörümçək bitkisi” (spider plant) kimi bitkilərdə müşahidə olunur. Əksər otaq bitkiləri üçün ən yaxşı seçim isə yağış suyu və ya filtrdən keçirilmiş su hesab olunur. Yağış suyu duz və kimyəvi qatqılar daşımır, eyni zamanda təbii şəkildə nitratlarla zəngin olur ki, bu da bitkilərin böyüməsinə kömək edir. Onu təmiz qablar və ya xüsusi çəlləklərdə toplamaq mümkündür, qışda isə əridilmiş qardan istifadə etmək olar. Filtrlənmiş su da suvarma üçün çox uyğundur, xüsusilə evdə bitki sayı azdırsa. Filtrlər xloru, flüoru və torpaqda yığıla bilən bəzi ağır metalları azaltmağa kömək edir. Bunun üçün filtr-küplər, krana taxılan filtr başlıqları və ya əks osmos sistemlərindən istifadə olunur. Şəxsi quyulardan gələn su adətən bitkilər üçün daha təhlükəsiz sayılır, çünki onun tərkibində flüor və xlor olmur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər: əgər su yumşaldıcı sistemdən keçirsə, tərkibində duzlar olduğu üçün onu suvarmada istifadə etmək olmaz. Əgər kran suyundan başqa seçim yoxdursa, onun keyfiyyətini qismən yaxşılaşdırmaq mümkündür. Bunun bir yolu suyu qaba doldurub bir neçə saat və ya gecə boyu saxlamadır ki, xlor buxarlansın. Amma bu üsul minerallara həssas bitkilər üçün uyğun deyil, xüsusilə orkide və Afrika bənövşəsi kimi növlər üçün.

Başqa bir variant distillə olunmuş sudur. Distillə prosesində sudan bütün qarışıqlar çıxarılır, amma bununla yanaşı faydalı qida maddələri də yox olur. Buna görə də belə su istifadə ediləndə bitkilərin əlavə gübrələnməyə ehtiyacı yaranır. Mütəxəssislər razılaşırlar ki, hər vəziyyət üçün universal həll yoxdur. Amma yağış suyu və ya keyfiyyətli şəkildə filtrlənmiş su, otaq bitkilərinin əksəriyyətinin sağlamlığı üçün ən təhlükəsiz seçim olaraq qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar