Qara şokolad qocalmanı ləngidə bilər
19 dekabr 2025 10:57 (UTC +04:00)

Qara şokolad qocalmanı ləngidə bilər

0

Qara şokoladın qəbulu insanın bioloji yaşına təsir göstərə bilər. Yeni araşdırma göstərib ki, qara şokoladın istehlakı ömrün uzanmasına kömək edə bilər.

Bu barədə Lent.az məlumat verir:

Qara şokoladın əsas tərkib hissəsi olan kakao bitkilər tərəfindən təbii şəkildə istehsal olunan əsas birləşmə teobromin ehtiva edir. Yeni elmi nəticələr göstərib ki, bu maddə bioloji yaşı azalda bilir. Bioloji yaş isə insan hüceyrələrinin zamanla nə qədər zədələndiyini göstərən göstəricidir. Mütəxəssislər hələlik teobrominin bu cür anti-age təsiri necə göstərdiyini tam dəqiqləşdirməyiblər. Buna görə də Milad bayramında şirin advent-kalendarlardan istifadə etmək gözlənilən effekti verməyə bilər. Bunun səbəbi ondan ibarətdir ki, acı dada malik olan və şokolada məhz bu dadı verən teobromin yüksək miqdarda yalnız kakao faizi çox olan şokoladlarda mövcuddur. Hətta qara şokoladın tərkibində də yağ və şəkər miqdarı yüksək ola bilər. Buna görə də onu balanslı qidalanma çərçivəsində və ölçülü şəkildə qəbul etmək tövsiyə olunur.

“Biz demirik ki, insanlar daha çox qara şokolad yeməlidirlər. Lakin bu araşdırma gündəlik qida məhsullarının daha sağlam və uzunömürlü həyat üçün hansı ipucları daşıya biləcəyini anlamağımıza kömək edə bilər”, - deyə tədqiqatın müəllifi, London Kral Kollecinin epigenomika professoru Jordana Bell bildirib. Tədqiqat çərçivəsində alimlər iki müxtəlif qrupdan olan insanların sağlamlıq göstəricilərini təhlil ediblər. Bunlara Britaniyanın epidemioloji və genom resursu olan TwinsUK-dən 509 nəfər və Almaniyanın Augsburg bölgəsində aparılan KORA sağlamlıq tədqiqatlarından 1160 nəfər daxil olub. Ümumilikdə 1669 iştirakçının orta yaşı 60 olub və onların hamısı ümumilikdə sağlam hesab edilib. Yəni iştirakçılar konkret xəstəliklərə görə seçilməyiblər. Bioloji yaşın qiymətləndirilməsi üçün alimlər DNT-də baş verən kimyəvi dəyişikliklərə və telomerlərin uzunluğuna diqqət yetiriblər. Telomerlər xromosomların uclarında yerləşən qoruyucu strukturlardır və genetik materialın zədələnməsinin qarşısını alır. Telomerlərin qısalması qocalma və yaşla bağlı xəstəliklərlə əlaqələndirilir. Araşdırmanın nəticələrinə görə, qanında teobromin səviyyəsi yüksək olan insanların bioloji yaşı onların faktiki yaşından daha aşağı olub. Digər kakao və qəhvə metabolitlərinin də oxşar təsir göstərib-göstərmədiyi yoxlanıldıqda isə bu effektin əsasən teobrominə xas olduğu müəyyən edilib. Qeyd olunur ki, itlər üçün zəhərli olan bu alkaloid insanlar üçün bir sıra faydalı təsirlərlə əlaqələndirilir. Bunlara ürək-damar xəstəlikləri riskinin azalması da daxildir. Teobromin arterial təzyiqi aşağı salır, yağ mübadiləsini dəstəkləyir, qan dövranını yaxşılaşdırır, idrak funksiyalarını gücləndirir və yaşla bağlı zehni zəifləməyə qarşı mübarizə aparır.

Alimlər bildiriblər ki, kakao mənşəli və geniş istifadə olunan qida alkaloidi olan teobromin model orqanizmlərdə ömrün uzanması və insan sağlamlığı üçün faydalarla əlaqələndirilir. Aparılan araşdırma iki müstəqil populyasiya qrupunda qanda teobromin səviyyəsi ilə epigenetik qocalmanın ləngiməsi arasında əhəmiyyətli əlaqə olduğunu göstərib. Bununla belə, alimlər hələ də əmin deyillər ki, bu təsir yalnız teobrominə məxsusdur, yoxsa teobromin qara şokoladdakı polifenollar kimi digər faydalı birləşmələrlə birlikdə təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar