Zeytun yağı sağlam qidalanmanın əsas rəmzlərindən biri hesab olunur, lakin supermarket rəflərində satılan bütün yağlar eyni dərəcədə faydalı deyil. Tez-tez aşağı keyfiyyətli və hətta saxta məhsullara rast gəlinir. Bu cür yağlar nəinki faydasız olur, bəzən sağlamlığa da zərər verə bilər. Buna baxmayaraq, bir çox alıcı qiymətinə və etiketdəki “zeytun yağı” sözünə aldanaraq belə məhsulları seçməyə davam edir.
Lent.az bu barədə ətraflı məlumat təqdim edir.
Hansını almaq olmaz və nə üçün?
Rafinə edilmiş yağ: Bu yağ xüsusi təmizlənmə rafinasiya prosesindən keçdiyi üçün özünəməxsus qoxusunu, rəngini və Extra Virgin (EVOO) yağlarda olan faydalı fenol birləşmələrini böyük ölçüdə itirir. Alıcıların bu məhsulu seçməsinin əsas səbəbi ucuz qiymət və etiketdə növün göstərilməməsidir. Lakin rafinə edilmiş yağda antioksidantlar az olur, demək olar ki, qoxusuzdur və faydalılığı çox aşağıdır.
Keyfiyyətsiz və ya köhnə meyvələrdən hazırlanmış yağ: Bəzi istehsalçılar gec yığılan, zədələnmiş və ya keyfiyyətsiz zeytunlardan istifadə edirlər. Belə meyvələrdə sərbəst yağ turşuları çox olur və onlardan alınan yağ daha turş, acı və ya xoşagəlməz qoxulu ola bilər. Belə yağlar adətən ucuz olduğundan alıcıların diqqətini cəlb edir. Amma nəzərə almaq lazımdır ki, bu məhsul tez xarab olur, faydalı maddələri azdır və hətta sağlamlıq üçün təhlükəli ola bilər.
Pomace (pomas) yağı: Bu, zeytun sıxıldıqdan sonra qalan qalıqdan əldə edilən ikinci dərəcəli yağdır. Pomace yağı çox vaxt ucuz rafinə edilmiş yağlarla qarışdırılır. Alıcıların bu yağa yönəlməsinin səbəbi çox aşağı qiymət, adi zeytun yağları ilə oxşar qablaşdırma və “pomace” termininin əksər insanlar üçün tanış olmamasıdır. Lakin bu yağda faydalı polifenollar azdır, qida dəyəri aşağıdır və tez korlanır.
Keyfiyyətsiz zeytun yağından qaçmaq üçün praktik məsləhətlər:
Extra Virgin (EVOO) qeydini seçin — bu, ən yüksək keyfiyyətdir.
Etiketi yoxlayın: zeytun növü, istehsal ölkəsi, yığım tarixi və ya istifadə müddəti göstərilməlidir.
Qara şüşə və ya metal qablaşdırmaya üstünlük verin. Yağ işıqdan qorunmalıdır.
Kiçik həcm alın: 250–500 ml-lik butulkalar daha təhlükəsizdir, yağ gec xarab olur.
Keyfiyyətli yağın qoxusu meyvə və ya ot notları ilə təmiz və xoş olmalıdır.
Yağı sərin, qaranlıq yerdə və qapağı möhkəm bağlanmış vəziyyətdə saxlayın.