Novruz Məmmədovun Azərbaycan Dillər Universitetindəki işindən ayrılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Lent.az-ın məlumatına görə, Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, Novruz Məmmədov iki ildən çoxdur ki, tutduğu vəzifədən ayrılıb.
Açıqlamada qeyd olunub ki, o, son dəfə öz istəyi ilə işdən çıxıb, buna səbəb isə yaşı olub.
Novruz Məmmədov özü də yayılan xəbərlərə reaksiya verib.
O, "qafqazinfo"ya bildirib ki, bu vəzifədən iki ildən çoxdur çıxıb:
“Bu, yeni bir şey deyil. Mən bu vəzifədən çoxdan çıxmışam, hardasa iki ildən çoxdur. Hazırda təqaüd alıram, yaşım çoxdur, 80 yaşım var. Bu yaşımda işləmək istəmirəm. Həmin vaxt da öz ərizəmlə vəzifədən çıxmışdım. Harada istəsəm işləyə bilərəm, çünki öz istəyimlə işdən uzaqlaşmışam. Hansısa idarə və ya təşkilatdan təklif gələrsə, düşünə bilərəm, amma bu yaşda istirahət etmək istəyirəm”.
***
saat 11:31
Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib.
Lent.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Bildirilib ki, N.Məmmədov öz ərizəsi ilə işdən çıxıb.
Onun indiyədək 7 kitabı, həmçinin rəhbərlik etdiyi və baş redaktoru olduğu 7 nəşr, 3 tərcümə əsəri çap olunub. Sabiq məmur, həmçinin elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.
Xatırladaq ki, Azərbaycanın 9-cu baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.
N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.
N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür.