Sabah 18 şəhər və rayonda sınaq imtahanı keçirəcək
02 aprel 2011 13:13 (UTC +04:00)

Sabah 18 şəhər və rayonda sınaq imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 3-dən başlayaraq abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirəcək.

Komissiyadan Lent.az-a verilən məlumata görə, sabahkı sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 35 binada keçirilir. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılmış və 31468 abituriyent qeydiyyatdan keçib.

TQDK-da bildirirlər ki, bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali təhsil müəssisələrinə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Növbəti sınaq imtahanı aprelin 10-da keçiriləcək və hazırda həmin imtahana yazılış davam edir. Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir.

Xatırladaq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaq. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823

Oxşar yazılar