“Ədalət carçısı” qəzeti “qara siyahı”ya salınıb
20 aprel 2011 16:33 (UTC +04:00)

“Ədalət carçısı” qəzeti “qara siyahı”ya salınıb

0
Bu gün Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov İdarə Heyətinin üzvlərinə gündəliyə təklif olunan məsələlər barədə məlumat verib.


Gündəliyə 4 məsələnin daxil edilməsi qərara alınıb. Əvvəlcə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların qəbulu ətrafında müzakirələr aparılıb. İdarə Heyətinin üzvləri “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının “Gündəm xəbər” qəzetinin adının yenidən Mətbuat Şurasının “qara siyahı”sına daxil edilməsi ilə bağlı təqdimatındakı arqumentləri bununla əlaqədar qərar çıxarılması üçün yetərli sayıblar.


Qeyd olunub ki, Mətbuat Şurası nəşrin adını milli mətbuatımızın 135 illik yubileyi münasibətilə həyata keçirdiyi əfvə əsasən siyahıdan çıxarsa da, “Gündəm xəbər” rəhbərliyi məsələdən lazımi nəticə çıxarmayıb. Mətbuat Şurasına qəzetlə bağlı ünvanlanan çoxsaylı haqlı şikayətlər, eyni zamanda qəzetin saylarının monitorinqi göstərib ki, mətbu orqanda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinə sayğısızlıq halları daim təkrarlanmaqdadır. İdarə Heyəti “Gündəm xəbər”lə bağlı materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün əsasların olduğunu da müəyyənləşdirib. Eyni ölçü tədbirinin “Bizim dövr” qəzeti ilə bağlı seçilməsi zamanı mətbu orqanın peşə prinsiplərinə etinasız yanaşdığını təsdiqləyən şikayət və müraciətlər əsas götürülüb.


İclasda “Ədalət carçısı” qəzetin adının “qara siyahı”sına salınması barədə qərar qəbul edilib. Qərarın motivini nəşrin etik prinsiplərə aşkar sayğısızlığı, peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi təşkil edib. İdarə Heyəti “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının “Cəmiyyət” qəzetinə ciddi xəbərdarlıq, “Azərbaycan gündəmi” qəzetinə isə xəbərdarlığın edilməsi ilə bağlı rəylərini eyni məzmunlu qərarların çıxarılması üçün əsas sayıb. Qərara alınıb ki, “Cəmiyyət” qəzetinin qarşıdakı üç ay müddətində çıxacaq saylarının monitorinqi aparılsın, prosesin yekununa əsasən mətbu nəşrin fəaliyyətində nə dərəcədə dönüş yaratdığı, iradlardan necə nəticə çıxardığı müəyyənləşdirilsin.


İclasda “reket nəşr”lərlə bağlı müzakirə aparılarkən belə kütləvi informasiya vasitələrinin hələ də “Azərbaycan” nəşriyyatında mövcudluğu faktının narazılıq doğurduğu vurğulanıb. Məsələ ilə bağlı Şuranın İdarə Heyətinin bu qurumun rəhbərliyi ilə görüş keçirməsinin, zəruri olan birgə tədbirlərin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.


Ali məktəblərin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının keçirilməsinin tətbiqi ətrafında fikir mübadiləsi aparılarkən yekdil rəy bundan ibarət olub ki, məsələnin əhəmiyyəti dövlət başçısı tərəfindən də vurğulanıb. Buna görə də Mətbuat Şurasının ölkə prezidentinə müraciət ünvanlaması məqsədəuyğun sayılıb.


Sonda Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu həyata keçirilib. Şuraya bununla bağlı müraciət edən KİV-lərin zəruri prosedur qaydaları yerinə yetirmələri sahəsindəki vəziyyət dəyərləndirildikdən sonra ‘Elm və həyat” jurnalı, “Millətçilik”, “Yeni Avropa” qəzetləri və “Metroservis” MMC Mətuab Şurası sıralarına qəbul ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1811

Oxşar yazılar