Daxili İşlər və Nəqliyyat nazirliklərindən yük avtomobili sahiblərinə xəbərdarlıq
23 aprel 2011 19:26 (UTC +04:00)

Daxili İşlər və Nəqliyyat nazirliklərindən yük avtomobili sahiblərinə xəbərdarlıq

Daxili İşlər və Nəqliyyat nazirlikləri qanunsuz olaraq yük avtomobillərinin konstruksiyalarını dəyişən avtomobil sahiblərinə xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsindən Len.az-a verilən məlumatda bildirilir ki, son illər respublikada müasir tələblərə uyğun avtomobil yollarının çəkilməsi hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaratsa da, avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücüləri və digər yol qurğularının sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olunmasında da ciddi problemlər yaradır.

Bir çox hallarda belə daşımalar avtomobillərin yük yerlərinin, qabarit ölçülərinin artırılması, kuzovlarının bortlarının qaldırılması yolu ilə həyata keçirilir ki, bu da “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə ziddir və bu qanun pozuntularına yol verən şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.

Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir.

Daxili İşlər və Nəqliyyat Nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də sürücülərin nəzərinə çatdırır ki, konstruksiyalarında dəyişikliklər edilmiş avtomobillər cari ilin may ayının 1-dək istehsalçı zavodun həmin avtomobillər üçün müəyyən etdiyi normalara uyğunlaşdırmaqla yük daşıma qaydalarına ciddi riayət etsinlər. Əks təqdirdə həmin şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar