ADU-da dövlət imtahanı və buraxılış işləri ləğv olunub - FOTO
25 aprel 2011 17:18 (UTC +04:00)

ADU-da dövlət imtahanı və buraxılış işləri ləğv olunub - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov universitetin IV kurs tələbələri ilə görüş keçirib.

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADU-nun akt zalında keçirilən görüşdə universitetin prorektorları, dekanları da iştirak ediblər.

Qısa müddətdən sonra 1000-dən artıq tələbənin ADU ilə vidalaşacağını bildirən Səməd Seyidov tələbələrin əldə etdikləri bilik və vərdişlərin onlara kömək edəcəyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminə uyğunlaşdırmaq üçün universitetdə Təhsil Nazirliyi ilə birgə islahatlar həyata keçirilir. ADU Azərbaycanda ilk dəfə olaraq Bolonya təhsil prosesinə qoşulub. 2005-ci ildə bu prosesin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tətbiq edilib, 2006-cı ildə isə ADU tam olaraq bu prosesə qoşulub. IV kurslarda dövlət imtahanlarının və buraxılış işlərinin ləğvi məsələsindən danışan rektor qeyd edib ki, təhsil prosesində bəzi məsələlər öz aktuallığını itirib və tələbələrə problem yaradır: “Dövlət imtahanı və buraxılış işlərinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyinə edilən müraciətlərə müsbət cavab verilib. İlk olaraq ADU-da gerçəkləşən bu addımın tələbələrə xeyirli olacaq. Bu, çətin qərar oldu. Amma bilin ki, ADU-nun IV kurs tələbələri üçün dövlət imtahanı və buraxılış işləri ləğv olunub. Üzərində iş aparılan buraxılış işləri Attestasiya Komissiyasına təqdim ediləcək və tələbələrə avtomatik 9 kredit balı veriləcək”.

Səməd Seydov dövlət imtahanları və buraxılış işlərinin əvəzinə tələbələrin hesabat hazırlayacaqlarını, bu hesabatda tələbələrin oxuduqları müddətdə universitetin təhsil sistemi, tələbələrin bu və ya digər konfrans və olimpiadalarda fəaliyyətlərinin əks olunacağını diqqətə çatdırıb. Bundan əlavə, buraxılış işlərini başa çatdırmaq istəyən tələbələr üçün heç bir əngəl olmayacaq və ən yaxşı hesab olunan buraxılış işləri universitetin elmi nəşrlərində dərc olunacaq.

Sonra universitetin tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov məsələ barədə hazırlanan sənədlə tələbələri tanış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299

Oxşar yazılar