Alman Azərbaycan Təbib Tələbələrinin I Konfransı keçirilib
28 aprel 2011 12:22 (UTC +04:00)

Alman Azərbaycan Təbib Tələbələrinin I Konfransı keçirilib

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gəclərin Beynəlxalq Forumu (ASAİF) və Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə aprelin 27-də Almaniyanın Frankfurt şəhərində Alman Azərbaycan Təbib Tələbələrinin I Konfransı keçirilib.

Konfransın əsas məqsədi alman və azərbaycanlı tibb tələbələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və müasir elmi nailiyyətlərin işıqlandırılmasıdır. Konfransı giriş sözü ilə Frankfurt-Höchst klinikasının direktoru professor Mattias Schwarzbach açıb. O, öz klinikasında azərbaycanlı gənc həkimlərin diplomdan sonrakı təhsili üçün imkanlar yaratmağa hazır olduğunu bildirib.

Mannheim Tibb Fakültəsində elmi qrup rəhbəri Vüqar Yaqublu Azərbaycanın sürətli iqtisadi inkişafından danışıb, hökumətin ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda tibb təhsilinin prioritet sahə kimi qeyd olunduğuna diqqət çəkib. Vüqar Yaqublu Azərbaycanın formal təhsillə yanaşı, qeyri formal təhsil imkanlarından da istifadə etməkdə maraqlı olduğunu qeyd edib. Buna birgə tələbə konfranslarının keçirilməsi nümunə ola bilər.

Damar cərrahiyyəsi sahəsində yaşayan əfsanə hesab edilən və bu gün yüzlərlə insanın həyatını xilas edən kəşflərin müəllifi olan professor Wolf Stelter tibb sahəsində yeniliklərə üstünlük verən şəxsiyyətlərin həyatı və onların öz ixtiralarının reallaşdırılması yolunda rast gəldiyi çətinliklər haqqında danışıb. O, çıxışının sonunda azərbaycanlı gənclərlə çalışmaq istəyini dilə gətirib.

Frankfurt Universitet klinikasının bölmə rəhbəri Murad Şıxəliyev diplomdan sonrakı tibb təhsili sahəsində Almaniyada olan imkanları sadalayıb və və Azərbaycanda səhiyyənin inkişafında bu imkandan bəhrələnmənin vacib olduğunu söyləyib. O, Almaniyada azərbaycanlı gənclər üçün təhsil imkanlarının yaradılmasında yaxından iştirak etmə istəyini qeyd edib. Murad Şıxəliyev Azərbaycanda ilk həyata keçirilmiş koxlear implantasiya haqqında danışıb.

Frankfurt-Höchst klinikasının həkimi Mattias Wahmann klinikada öz təhsil proqramı və gənc həkimlərin iş axtarışında yaxından kömək edə biləcək online portal haqqında məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1483

Oxşar yazılar