İtkin düşmüş 4 010 nəfərin taleyi necə araşdırılır? - ARAŞDIRMA
03 sentyabr 2026 16:35 (UTC +04:00)

İtkin düşmüş 4 010 nəfərin taleyi necə araşdırılır? - ARAŞDIRMA

0

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının taleyinin müəyyənləşdirilməsi münaqişənin ən ağır humanitar nəticələrindən biridir. 2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bu suallara cavab tapılması üçün yeni imkanlar yaransa da, qarşıda hələ görüləsi böyük iş qalır.

 

Azərbaycanın itkin şəxslərin axtarışı üzrə apardığı işlər, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, DNT identifikasiyaları və Ermənistanın dəfn yerləri barədə məlumat verməməsi problemin həllinə təsir edən əsas məsələlər olaraq qalır.

30 ildən artıqdır ki, Azərbaycanda minlərlə ailənin həyatında eyni suallar cavabsız qalır: qardaşıma, ərimə, oğluma nə olub? Onlar haradadır?

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatına görə, Ermənistanın hərbi təcavüzü nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Həmin tarixədək işğaldan azad edilmiş ərazilərdə aparılan qazıntılar zamanı tapılmış insan qalıqları arasından 328 nəfərin şəxsiyyəti DNT analizi ilə müəyyənləşdirilib.

Beləliklə, son məlumatlar bir tərəfdən axtarışların nəticə verdiyini göstərir, digər tərəfdən isə 4 010 nəfərlik siyahının böyük hissəsinin taleyinin hələ də müəyyən edilmədiyini ortaya qoyur.

4 010 rəqəminin arxasında nə dayanır?

4 010 sadəcə statistik göstərici deyil. Bu rəqəmin arxasında onilliklər ərzində cavab gözləyən ailələr, yaşlanmış valideynlər, uşaqlıq xatirələrində qalan atalar və qardaşlar dayanır. İtkin şəxslərin siyahısında həm hərbçilər, həm də mülki şəxslər var. Buna görə məsələ yalnız döyüş meydanında itkin düşmüş hərbçilərin taleyi ilə məhdudlaşmır. Dövlət Komissiyasının məlumatlarına əsasən, itkinlərin taleyinin müəyyənləşdirilməsi prosesi həm hərbi qulluqçular, həm də münaqişə zamanı əsir və girov götürülmüş mülki şəxslərlə bağlı məlumatları əhatə edir.

İtkin şəxslərin axtarışı bir neçə mərhələdən ibarətdir: məlumatların toplanması, şahid ifadələrinin araşdırılması, ehtimal olunan dəfn yerlərinin müəyyənləşdirilməsi, həmin ərazilərdə axtarış və qazıntıların aparılması, insan qalıqlarının ekshumasiyası, məhkəmə-tibbi və antropoloji ekspertiza, DNT analizləri və nəticədə şəxsiyyətin müəyyənləşdirilməsi.

Yəni bir itkin şəxsin taleyinin müəyyənləşdirilməsi yalnız “məzar tapıldı” mərhələsində bitmir.

Dövlət Komissiyasının işi necə dəyişib?

İtkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1993-cü ildən fəaliyyət göstərir və 2020-ci ildə ərazilərin işğaldan azad edilməsi itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün yeni imkanlar yaradıb.

2026-cı ilin iyununda Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq konfransda Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov bildirib ki, geniş ərazilərin sürətli xəritələşdirilməsi və gizli məzarlıqların aşkarlanması üçün növbəti mərhələdə yeni nəsil pilotsuz uçuş aparatlarından və yerin dərinliyini skan edən geofiziki radar – GPR sistemlərindən istifadə olunacaq. Bu, axtarışların artıq yalnız şahid ifadələri və fiziki qazıntılarla məhdudlaşmadığını göstərir.

Yeni mərhələ: rəqəmsal məlumat bazası və texnologiya

Dövlət Komissiyası və ICMP-nin əməkdaşlığı çərçivəsində itkin şəxslərlə bağlı məlumatların elektron idarə olunması üçün Onlayn Sorğu Mərkəzi də istifadəyə verilib. Platforma vasitəsilə vətəndaşlar itkin şəxslər barədə yeni məlumatlar göndərə, foto və sənədlər əlavə edə, ehtimal olunan dəfn yerlərinin coğrafi koordinatlarını paylaşa bilirlər. Dövlət Komissiyasının məlumatına görə, vahid elektron baza aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirməyə və axtarış, qazıntı və eyniləşdirmə proseslərinin səmərəliliyini artırmağa imkan verir.

ICMP-nin Azərbaycan üzrə qiymətləndirmə hesabatında da məlumatların elektronlaşdırılması, mümkün dəfn yerlərinin GPS koordinatlarının sistemləşdirilməsi və mərkəzləşdirilmiş məlumat bazasının yaradılması ehtiyacı xüsusi qeyd olunub. Təşkilat Azərbaycanda itkin şəxslərlə bağlı məlumatların bir hissəsinin uzun müddət kağız daşıyıcılarda saxlanıldığını və məlumat sistemlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Beləliklə, 30 il əvvəl verilmiş şahid ifadəsi, ailənin təqdim etdiyi fotoşəkil, arxiv sənədi, ehtimal olunan məzar yerinin koordinatı və bu gün əldə olunan DNT nəticəsi eyni araşdırmanın müxtəlif elementlərinə çevrilir.

DNT: 30 ildən sonra elmi cavab

İtkin şəxslərin taleyinin müəyyənləşdirilməsində ən mühüm mərhələlərdən biri DNT identifikasiyasıdır. İllər ərzində itkinlərin ailələrindən bioloji istinad nümunələri toplanıb. Beynəlxalq Qızıl Xaç Komitəsi 2024-cü ildə Azərbaycanda itkin şəxslərin ailələrindən təxminən 11 min bioloji nümunə toplandığını açıqlamışdı. Nümunələr Azərbaycanın 72 rayonunda yaşayan ailələrdən götürülüb və itkin şəxslər barədə antemortem məlumatlar da sistemləşdirilib.

ICMP-nin qiymətləndirməsinə görə, 2022-ci ildə Azərbaycanda itkin şəxslərin işləri üzrə ixtisaslaşmış Genetik Laboratoriyanın yaradılmasından sonra təxminən 10 900 ailə istinad nümunəsinin emalı mümkün olub. Bu nümunələrin əhəmiyyəti ondadır ki, illər sonra tapılan insan qalıqlarından əldə olunan DNT profilləri itkin şəxsin ailə üzvlərindən götürülmüş nümunələrlə müqayisə edilə bilir.

Artıq 328 itkin şəxsin kimliyi DNT analizi ilə müəyyənləşdirilib. Lakin identifikasiya prosesi bununla da bitmir. DNT uyğunluğu əldə edildikdən sonra digər məhkəmə-tibbi məlumatlar, antropoloji göstəricilər və mövcud sənədlər də nəzərə alınır, şəxsiyyətin müəyyənləşdirilməsi rəsmiləşdirilir və bundan sonra qalıqlar ailəyə təhvil verilir.

32 kütləvi məzarlıq: xəritədə görünməyən izlər

Hazırda ən çox kütləvi məzarlığın Xocalıda aşkarlandığı bildirilir. İndiyə qədər 5-i Kəlbəcərdə, 2-si Xocavənddə, 4-ü Şuşada, 2-si Füzulidə, 6-sı Xocalıda, 2-si Ağdərədə, 1-i Ağdamda olmaqla 32 kütləvi məzarlığın aşkar edildiyi qeyd olunur.

Kütləvi məzarlıqlarda olan insan qalıqlarının kimliyinin müəyyənləşdirilməsini çətinləşdirən əsas detallardan biri qalıqların üst-üstə, nizamsız şəkildə basdırılmasıdır.

Bu məzarlıqların aşkarlanması son mərhələ deyil, əksinə, araşdırmanın ən mürəkkəb hissələrindən birinin başlanğıcıdır.

Məzarlıq müəyyənləşdirildikdən sonra ərazi təhlükəsizləşdirilməli, qazıntı və ekshumasiya aparılmalı, insan qalıqları sənədləşdirilməli, onların məhkəmə-tibbi və antropoloji ekspertizası həyata keçirilməli, daha sonra DNT analizi aparılmalıdır.

Məsələn, Şuşa şəhərində keçmiş həbsxananın həyətində aşkarlanan kütləvi məzarlıqdan 31 insan qalığının, Daşaltı kəndində aşkarlanan məzarlıqdan isə 28 insan qalığının tapıldığı bildirilmişdi. Bu, dəhşətli rəqəmdir. Bir məzardan 31, digərindən isə 28 nəfərin qalıqlarının çıxarılması törədilən cinayətlərin miqyasını bir daha göstərir.

Prezident İlham Əliyev 2024-cü ildə itkin şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciətində Sırxavənddə aşkarlanmış məzarlığa diqqət çəkərək, ekshumasiya zamanı əsir və girov götürülmüş azərbaycanlıların işgəncə, zorakılıq və qeyri-insani rəftara məruz qalaraq öldürüldüyünü göstərən sübutların toplandığını bildirib. Bu baxımdan məzarlıqlar təkcə itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün deyil, həm də müharibə zamanı baş vermiş hadisələrin məhkəmə-tibbi və hüquqi baxımdan sənədləşdirilməsi üçün əhəmiyyət daşıyır.

Əsas maneələrdən biri: Ermənistanın məlumat verməməsi

Axtarışların qarşısındakı ən ciddi problemlərdən biri də Ermənistanın itkin azərbaycanlıların taleyi və onların dəfn edildiyi yerlərlə bağlı məlumatları Azərbaycan tərəfinə təqdim etməməsidir. Bu məsələ illərdir Azərbaycan tərəfindən beynəlxalq platformalarda qaldırılır.

Prezident İlham Əliyev 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında Birinci Qarabağ müharibəsində təxminən 4 min Azərbaycan vətəndaşının itkin kimi qeydiyyatda olduğunu bildirərək, Ermənistanın onların taleyi barədə məlumat verməli olduğunu deyib.

 

Prezident İlham Əliyev bəyan edib ki, itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün daim prioritet olub və Ermənistanın itkinlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat verməməsi ciddi problemdir.

Dövlət başçısı beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıb və məsələnin “sırf humanitar məsələ” olduğunu vurğulayıb.

Prezident Ermənistanın məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumat verməkdən imtina etdiyin bildirib.

Niyə bir koordinat bu qədər vacibdir?

Məsələnin praktiki tərəfi məhz burada ortaya çıxır. Əgər ehtimal olunan məzar yerinin dəqiq koordinatları məlumdursa, axtarış qrupu konkret ərazidə işləyə bilir. Əgər yalnız “filan kəndin yaxınlığında” kimi ümumi məlumat varsa, böyük ərazinin araşdırılması lazım gəlir. Bu fərq xüsusilə Qarabağın dağlıq və mürəkkəb relyefə malik ərazilərində böyük əhəmiyyət daşıyır. Bunun üzərinə mina və partlamamış hərbi sursat təhlükəsi də əlavə olunur. Dövlət Komissiyası bu il növbəti mərhələdə PUA və GPR texnologiyalarından istifadə ediləcəyini açıqlayıb. Bu texnologiyaların məqsədi geniş ərazilərin daha sürətli xəritələşdirilməsi və yerin altında qala biləcək gizli dəfn yerlərinin müəyyənləşdirilməsidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımında axtarışların çətin relyef və hava şəraitinə, mina və partlamamış hərbi sursat təhlükəsinə baxmayaraq, bütün mövcud resurslardan və qabaqcıl texnologiyalardan istifadə olunmaqla davam etdirildiyini bildirib.

2025-ci il: itkinlər məsələsi sülh sənədinə daxil edildi

Məsələnin yeni mərhələlərindən biri 2025-ci ilin avqustunda baş verdi. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmış mətninə itkin şəxslərlə bağlı müddəa da daxil edilib.

Sazişin IX maddəsində tərəflərin hərbi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı bütün mövcud məlumatları mübadilə etməsi, onların taleyinin müəyyənləşdirilməsi, zərurət yarandıqda qalıqların axtarılması və geri qaytarılması, həmçinin zəruri istintaq tədbirləri vasitəsilə ədalətin təmin olunması nəzərdə tutulur.

Bu, məsələnin yalnız humanitar çağırış səviyyəsindən çıxaraq Azərbaycan-Ermənistan münasibətlərinin gələcək hüquqi çərçivəsinə daxil edilməsinin göstəricisidir.

Prezident İlham Əliyev 2025-ci ilin oktyabrında itkin şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciətində də bu müddəanın əhəmiyyətini vurğulayıb və Ermənistan tərəfinin digər kütləvi məzarlıqların yerləri barədə məlumat verməli olduğunu bildirib.

Bu baxımdan itkin şəxslər məsələsi artıq təkcə keçmiş münaqişənin humanitar mirası deyil, Azərbaycan-Ermənistan münasibətlərində etimadın formalaşması ilə bağlı məsələlərdən biri kimi də təqdim olunur.

Bir ailənin 30 illik gözləntisi: Vasif Mehdiyev

Bu problemin insan həyatında nə demək olduğunu rəqəmlərdən daha yaxşı ailələrin hekayələri göstərir.

İtkin düşmüş Vasif Mehdiyevin anası Həmayə Mehdiyeva APA-ya açıqlamasında illər sonra oğlunun taleyi ilə bağlı artıq bir cavab eşitmək istədiyini bildirib.

Vasif Xəlil oğlu Mehdiyev 1971-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. Ailə sonradan Sumqayıta köçüb. Vasif orta məktəbi və musiqi məktəbini bitirib, çilingəri işləyib, Gürcüstanda hərbi xidmət keçib. Qarabağ müharibəsi başlayanda Milli Ordu sıralarına qoşulub.

Vasif Mehdiyev 1992-ci il mayın 18-də Ağdam istiqamətində döyüş bölgəsinə gedib. İyunun 5-də Xocalının Naxçıvanlı (Naxçıvanik) kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Həmin gün onunla birlikdə Sumqayıtdan daha beş nəfər – Hicran Xəlilov, Vüqar Məmmədov, Natiq Məmmədov, Valeh Dövlətov və Yaşar Mirzəyev də itkin düşüb. Vasifi sonuncu dəfə sağ görən köməkçisi Əhməd Əliyev olub.

Həmayə Mehdiyeva uzun illər oğlunun sağ olduğuna inanıb və onun üçün “şəhid” sözünün işlədilməsinə razı olmayıb. İndi isə onun istədiyi cavab dəyişib: “Amma artıq ya elə, ya belə bir xəbər almaq istəyirəm. İndi razıyam. Bu dərdlə ölmək istəmirəm”.

Bu cümlə itkin ailələrinin onilliklər boyu keçdiyi gözləntinin ən ağır tərəflərindən birini göstərir: əvvəlcə ailə yaxınını sağ görmək istəyir, illər keçdikcə isə ən azı onun taleyinin müəyyənləşdirilməsini, hətta məzarının tapılmasını belə arzulayır.

39 yaşında gözlədi, 73 yaşında hələ də gözləyir

Fatı Mustafayevanın hekayəsində isə zamanın özü əsas faktora çevrilir. İtkin şəhid Niyaz Fərrux oğlu Əliyevin anası Fatı Mustafayeva bildirir ki, oğlunu sonuncu dəfə 1993-cü il avqustun 10-da Zəngilan rayonunun Baharlı kəndində görüb. 1973-cü ildə anadan olan Niyaz Sumqayıtda yaşayıb, 1990-cı ildə hərbi xidmətə çağırılıb, Laçın, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

1993-cü ildə Cəbrayılın işğalı zamanı itkin düşüb. Ailəyə avqustun 23-də Niyazın Cəbrayıl istiqamətinə köməyə getdiyi və orada yaralandığı barədə məlumat çatıb. Bundan sonra ondan başqa bir xəbər ala bilməyiblər.

Niyaz itkin düşəndə anasının 39 yaşı olub, bu gün isə Fatı Mustafayevanın 73 yaşı var. Cavan vaxtı bu dərdi çəkməyə gücüm çatırdı deyən ananın əsas istəyi isə dəyişməyib: “Ya ölüsü, ya dirisi tapılsın”.

Bu iki ailənin hekayəsində daha bir mühüm məqam görünür. Belə ki, itkin düşmüş şəxslərin axtarışında zaman faktoru getdikcə daha kritik olur.

Əsgəran qalasında donan ümid: Məmmədovlar ailəsi

Bəzən itkinlik bir nəfərin deyil, bütöv ailənin taleyini dəyişir. Məmmədovlar ailəsinin hekayəsi bunun nümunəsidir. Söhbət Məmməd oğlu Məmmədov 1976-cı ildə Göyçə mahalında anadan olub. Məlum hadisələrdən sonra ailəsi Xocalıya pənah gətirib.

Qarabağ münaqişəsi başlayanda o, atası və qardaşı Möhlətlə birlikdə Xocalının müdafiəsində iştirak ediblər. 1992-ci il fevralın 26-da Xocalının işğalı zamanı ailə girov götürülüb.

Erməni əsirliyindən qayıtmış Xocalı sakini Ramin Əzizovun verdiyi məlumata görə, o, həmin gün Naxçıvanlı (Naxçıvanik) yolunda girov götürülərək Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparılıb. Orada Məmmədovlar ailəsinin üzvləri ilə eyni kamerada saxlanılıb.

Sonradan Ramin başqa kameraya keçirilib və Məmmədovları bir daha görməyib.

Ailənin digər üzvləri sonradan azad edilib.

Məmmədovlar ailəsinin taleyində Xocalı faciəsi ilə itkinlik ağrısı bir-birinə qarışır.

Göyçədən didərgin düşən ailə Xocalıda yeni həyat qurmağa çalışırdı. Lakin həmin şəhər onlar üçün sığınacaqdan çox, həyatlarının ən ağır səhifəsinin başlanğıcına çevrildi.

Ata və iki oğlunun taleyi isə onilliklərdir naməlumdur. Bu ailənin əsas sualı da dəyişməyib: onların başına nə gəlib?

İtkin ailələri üçün cavab yalnız DNT nəticəsi deyil

İtkin şəxsin kimliyinin müəyyənləşdirilməsi ailə üçün prosesin sonuncu mərhələsidir. Bundan əvvəl uzun araşdırma aparılır. Şahid ifadələri toplanır, arxivlər araşdırılır, ehtimal olunan məzar yerləri müəyyən edilir, qazıntılar aparılır, insan qalıqları ekshumasiya olunur, ekspertizadan keçirilir və DNT müqayisəsi aparılır.

Bundan sonra ailə məlumatlandırılır və qalıqların təhvil verilməsi prosesi başlayır. Beynəlxalq Qızıl Xaç Komitəsi bu prosesin ailələr üçün nə qədər ağır olduğunu nəzərə alaraq uzun illər psixososial dəstək proqramları həyata keçirib. 2012–2018-ci illərdə 1 000-dən çox itkin ailəsinə ev ziyarətləri və psixososial və ya psixoloji dəstək göstərilib. Sonrakı mərhələdə də minlərlə ailə ilə əlaqə saxlanılıb.

ICRC-nin məlumatına görə, itkin şəxsin taleyinin müəyyənləşdirilməsi yalnız texniki proses deyil; ailənin məlumatlandırılması və nəticənin ailəyə çatdırılması da prosesin mühüm hissəsidir.

İtkinlər məsələsində yeni imkan: beynəlxalq əməkdaşlıq

ICMP-nin 2025-ci il üzrə hesabatında Azərbaycan üzrə əsas tövsiyələr sırasında insan qalıqlarının axtarılması və çıxarılması, məhkəmə-tibbi və arxeoloji imkanların gücləndirilməsi, DNT analizlərinin inkişaf etdirilməsi və məlumat sistemlərinin təkmilləşdirilməsi göstərilib.

Təşkilat həmçinin Azərbaycan və Ermənistan arasında itkin şəxslərin işləri üzrə əməkdaşlığın qurulmasını və gələcəkdə müstəqil DNT müqayisəsi mexanizminin yaradılmasını tövsiyə edib. ICMP 2026-cı il proqramında da Azərbaycan və Ermənistan arasında itkin şəxslər üzrə dövlət qurumları arasında əməkdaşlıq sazişinin hazırlanmasını, aktiv işlərin ortaq məlumat sistemində birləşdirilməsini, insan qalıqlarının tapılması və çıxarılması üzrə birgə mexanizmlərin yaradılmasını və mərkəzləşdirilmiş məlumat bazalarının gücləndirilməsini planlaşdırdığını açıqlayıb.

Bu yanaşma problemin həllinin yalnız bir ölkənin qazıntı aparmasından ibarət olmadığını göstərir. Məsələnin həlli üçün dövlət qurumları, məhkəmə-tibb strukturları, beynəlxalq təşkilatlar, ailələr və qarşı tərəf arasında məlumat mübadiləsi lazımdır.

Qarşıda duran əsas məsələ

Bu günün rəqəmləri vəziyyətin iki fərqli tərəfini göstərir. Bir tərəfdən, 32 kütləvi məzarlıq aşkarlanıb, 328 itkin şəxsin kimliyi DNT analizi ilə müəyyənləşdirilib. Digər tərəfdən, 4 010 nəfər itkin kimi qeydiyyatdadır. Deməli, işin böyük hissəsi hələ qarşıdadır.

Bu işin nəticəsi isə yalnız yeni qazıntılardan asılı deyil.

Şahid ifadələri, ailələrin verdiyi məlumatlar, arxiv sənədləri, bioloji nümunələr, müasir geofiziki texnologiyalar, məhkəmə-tibbi ekspertiza və DNT analizləri bir sistem daxilində işləməlidir.

Dövlət Komissiyasından bildirilib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə şahid ifadələri və ehtimal olunan dəfn yerləri ilə bağlı məlumatlar əsasında sahə üzrə araşdırma və yoxlama tədbirləri davam etdirilir.

Ərazinin son dərəcə çətin relyefinə, hər saat dəyişən mürəkkəb hava şəraitinə, vəhşi heyvanların mövcudluğuna və mina təhlükəsinə baxmayaraq, Komissiyanın üzvləri bütün təhlükəsizlik qaydalarına ciddi riayət etməklə itkin düşmüş şəxslərin axtarışı istiqamətində zəruri tədbirləri davam etdirirlər.

Dövlət Komissiyasının mövqeyi belədir ki, Azərbaycan dövləti sonuncu itkin düşmüş vətəndaşın taleyi müəyyən edilənədək heç bir çətinliyə baxmadan, bütün zəruri tədbirləri görərək, mövcud imkanlardan və ən müasir texniki vasitələrdən istifadə etməklə axtarışları davam etdirəcək və axtarışlar davam edir. Bu məsuliyyət və borc dəyişməz olaraq qalır. Sahədə atılan hər addım itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılmasına və illərdən sonra onların qalıqlarının ailələrinə qaytarılmasına bizi daha da yaxınlaşdırır.

Bu sistemin ən böyük çatışmayan elementlərindən biri isə Ermənistanın malik olduğu məlumatlardır.

Şahid ifadələri əsasında göstərilən ehtimal olunan kütləvi məzarlıq yerləri çox vaxt öz təsdiqini tapmır. Bunun əsas səbəbləri sırasında relyefin dəyişməsi, iqlim şəraiti və digər amillər göstərilir. Eyni zamanda, aparılan təhlillərə əsasən, Ermənistan tərəfinin sonradan bəzi kütləvi məzarlıqların yerlərini dəyişdirdiyi bildirilir. Buna görə də şahid ifadələrində göstərilən yerlərdə kütləvi məzarlıqların aşkarlanmadığı hallar olur.

Azərbaycanın mövqeyinə görə, Ermənistan itkin azərbaycanlıların taleyi, onların dəfn olunduğu yerlər və kütləvi məzarlıqlar barədə məlumatları təqdim etməlidir. Azərbaycan rəsmiləri bunu dəfələrlə həm siyasi, həm də humanitar öhdəlik kimi gündəmə gətiriblər.

2025-ci ildə paraflanan sülh sazişinin IX maddəsində də tərəflərin itkin şəxslərlə bağlı bütün mövcud məlumatları mübadilə etməsi, qalıqların axtarılması və geri qaytarılması, zəruri istintaq tədbirləri vasitəsilə ədalətin təmin olunması nəzərdə tutulub.

Bu müddəanın praktik nəticəyə çevrilməsi gələcəkdə prosesin ən mühüm sınaqlarından biri olacaq.

Çünki dəqiq məlumat axtarışın sürətini dəyişə bilər. Konkret koordinat illərlə davam edən axtarışı qısa müddətə endirə bilər. Ümumi məlumat isə böyük ərazidə qazıntı aparılmasını tələb edə bilər. Mina təhlükəsi və mürəkkəb relyef nəzərə alınanda bu fərq daha da böyüyür.

30 ildən sonra cavab axtaran ailələr

Həmayə Mehdiyeva üçün məsələ 1992-ci ildə itkin düşən oğlu Vasifin taleyini bilməkdir.

Fatı Mustafayeva üçün məsələ 1993-cü ildən bəri axtardığı Niyazın heç olmasa məzarını tapmaqdır.

Məmmədovlar ailəsi üçün isə sual daha ağırdır: bir ata və iki oğulun taleyi necə olub?

Ərazilərin azad edilməsi axtarış üçün yeni imkanlar yaradıb. Texnologiyalar inkişaf edib, DNT laboratoriyaları yaradılıb, ailələrdən minlərlə bioloji nümunə toplanıb, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənib, yeni məlumat sistemləri tətbiq edilir.

30 ildən çox müddətə baxmayaraq, itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi üçün hələ də keçmişdən qalan məlumatlara ehtiyac var.

Bu səbəbdən Ermənistanın kütləvi məzarlıqların yerləri, dəfn faktları və itkin azərbaycanlıların taleyi barədə malik olduğu məlumatları təqdim etməsi məsələsi yalnız siyasi mübahisə predmeti deyil.

Bu, axtarışın praktiki nəticəsinə birbaşa təsir edən məsələdir. Çünki 4 010 rəqəminin hər bir vahidi bir insanın adıdır. Hər adın arxasında isə 30 ildən çox cavab gözləyən bir ailə var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar