Sürücü həmişə eyni adam olurdu - Siqaret qaçaqmalçısının İŞİ
14 avqust 2026 17:47 (UTC +04:00)

Sürücü həmişə eyni adam olurdu - Siqaret qaçaqmalçısının İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə  prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid İ.M təqsirləndirilən şəxsi tanımadığını bildirib:

"Mən bir ildir ki, orada çalışırdım, sıravi işçi olmuşam.Yük əməliyyatlarında iştirak etmişəm, amma yüklərin boşaldılmasında iştirak etməmişəm. İşim limana yaxınlaşan gəmiləri qarşılamaq, gəmiyə su və yemək ehtiyatı toplamaq idi. Tapşırıqları liman xidmətinin rəhbərliyi verirdi. İş başa çatanda xəbər edirlər ki, gəl, gəmini yola sal. Gəmilərin sahiblərini tanımırdım".

Şahid B.E heç bir əməliyyatın şahidi olmadığını bildirib:

"25 ildir ki tanıdığım tanışım dedi ki, konteyneri kranla boşaltmaq lazımdır. Bunun üçün mənə 100 manat verəcəyini dedi. Sürücü hər dəfə eyni adam olurdu və həmişə gecə saat 10-12 arası gəlirdi. Konteynerlərdə nə olduğundan xəbərim olmayıb".

Növbəti proses 28 avqust saat 16:00-a təyin olunub.

Xatırladaq ki, ittihamda Fariz Məhərrəmovun xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirildiyi qeyd olunub.

Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub. 

Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən çox həbs cəzası gözləyir.

Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.

Bu il iyunun 5-də məhkəmənin qərarı ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov ev dustaqlığına buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar