Baş Prokurorluq və FHN dəhşətli yanğınla bağlı məlumat yaydı
31 yanvar 2013 11:52 (UTC +04:00)

Baş Prokurorluq və FHN dəhşətli yanğınla bağlı məlumat yaydı

0

Baş Prokurorluq və Fövqəladə Hallar nazirliyi yanvarın 31-nə keçən gecə Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında baş vermiş və Türkiyə vətəndaşlarının ölümü, yaralanması ilə nəticələnən dəhşətli yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 31-də saat 01 radələrində Şəmkir çayı üzərində su anbarının tikintisini həyata keçirən Türkiyənin “Çingiz” inşaat-tikinti şirkətinin fəhlələrinin yaşadıqları yataqxanada yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti, maşın və mexanizmləri cəlb edilməklə yanğının qarşısı alınıb, yanğının genişlənməsinə və binanın digər hissələrinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində binanın 300 kvadrat metr ərazisi yanıb, həmçinin tikintidə çalışan fəhlələr - Türkiyə Respublikası vətəndaşları 1988-ci il təvəllüdlü Engin Yaşar və 1968-ci il təvəllüdlü Aladdin Özden ölüb. 1986-cı il təvəllüdlü Murat Altun, 1984-cü il təvəllüdlü Nasib Keçkin və 1963-cü il təvəllüdlü Levent Sürül isə aldıqları yanıq xəsarətləri ilə əlaqədar Bakı şəhərindəki 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib, vəziyyətləri orta ağırdır. Hazırda xəstələrə zəruri ilkin tibbi yardım göstərilir.

 

Şəmkir rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitlərə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1496

Oxşar yazılar