5 milyonluq qaçaqmal siqaret belə danışırmış:  Şahidlər hər şeyi AÇIQLADI
28 avqust 2026 18:08 (UTC +04:00)

5 milyonluq qaçaqmal siqaret belə danışırmış: Şahidlər hər şeyi AÇIQLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid S.A təqsirləndirilən Fariz Məhərrəmovu tanımadığını bildirib:

"2024-cü ildən yük maşını idarə edirəm. Qardaşım mənə dedi ki, yem yükünü daşımaq üçün maşın lazımdır. Yükləməni Hövsan limanından edib İmişliyə aparmaq lazım idi. Mən yükün nədən ibarət olduğunu bilmirdim. Maşını tanımadığım iki adam gəlib apardı. Mənə 300 manat ödəniş verildi. Lakin yük deyilən vaxt alınmadı deyə 150 manat əlavə ödəndi".

Şahid C.E yüklərin Hövsan limanından yükləndiyini bildirib:

"Yükləmə işində cəmi dörd-beş dəfə olmuşam. Limana girib-çıxanda ancaq şəxsiyyət vəsiqəsi göstərib içəri keçirdik. Sual vermirdilər ki, mal kimindir? Maşını qoyub çıxırdıq, özləri yükü boşaldırdılar. Daşınmasını iki adam edirdi, birinin adı Amin idi, digərinin adını xatırlamıram. Biz içəri daxil olanda, konteynerlər hazır vəziyyətdə olurdu. Amin mənə deyirdi ki, əgər yolda polislər saxlasalar, yüklərin tapşırığının ondan yox, Farizdən olduğunu deyim".  

Növbəti proses11 sentyabr saat 12:30-a təyin olunub.

Xatırladaq ki, ittihamda Fariz Məhərrəmovun xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirildiyi qeyd olunub.

Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub. 

Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən çox həbs cəzası gözləyir.

Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.

İyunun 5-də məhkəmənin qərarı ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov ev dustaqlığına buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar