Bu, nadir hallarda  baş verir: ağ ayı başqasının balasını "övladlığa götürdü"
25 dekabr 2025 15:08 (UTC +04:00)

Bu, nadir hallarda baş verir: ağ ayı başqasının balasını "övladlığa götürdü"

0

Bu, son təxminən 50 il ərzində həmin ərazidə öyrənilən 4600 ayı arasında qeydə alınmış cəmi 13-cü övladlığa götürmə hadisəsidir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, beş yaşlı ayı dişisi və onun 10-11 aylıq balaları müşahidə edilərək kameraya çəkilib. Kanadanın şimalında vəhşi ağ ayıları izləyən tədqiqatçılar son dərəcə nadir bir hadisənin şahidi olublar: bir ayı dişisi bioloji olaraq ona məxsus olmayan balanı övladlığa götürüb. 

Beş yaşlı ayı dişisi və onun 10-11 aylıq balaları ağ ayıların hər il Hudson körfəzinin qərb sahili boyunca həyata keçirdiyi miqrasiya zamanı müşahidə edilərək kameraya çəkilib. Hadisə ağ ayı populyasiyası ilə tanınan Manitoba ştatının Çörçill şəhəri yaxınlığında baş verib.

“Bu, qeyri-adidir. Bunun niyə baş verdiyini dəqiq bilmirik. Amma bunun son dərəcə nadir hallarda baş verdiyini bilirik”, - Polar Bears International təşkilatının alimi Alissa Makkoll bildirib.

Maraqlıdır ki, bu hadisə son təxminən beş onillik ərzində həmin ərazidə araşdırılan 4600 ayı arasında qeydə alınmış cəmi 13-cü övladlığa götürmə halıdır.

Ayı dişisi ilk dəfə bu yaz doğum yuvasından çıxarkən qeydə alınıb. Həmin vaxt onun yanında alimlərin araşdırma üçün işarələdiyi bir balası olub. Payızda isə onu yenidən görüblər, lakin bu dəfə iki bala ilə: biri əvvəlcədən nişanlanmış, digəri isə nişansız. Tədqiqatçılar yeni balanın bioloji anasının taleyi barədə dəqiq məlumata malik deyillər və onu genetik nümunələr vasitəsilə müəyyən etməyə çalışırlar.

Kanadanın Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyindən ağ ayılar üzrə alim Evan Riçardson bildirib:

“İqlim dəyişikliyi şəraitində ayılara mümkün olan hər cür kömək lazımdır. Əgər dişi ayılar əlavə bir balanı qəbul edib ona baxa və onu uğurla süddən kəsə bilirlərsə, bu Çörçilldəki ayılar üçün çox müsbət haldır”.

Qeyd olunur ki, vəhşi təbiətdə ağ ayı balalarının cəmi 50 faizi yetkin yaşa çatır. Lakin onları qoruyan və qayğı göstərən ananın olması yaşamaq şanslarını əhəmiyyətli dərəcədə artırır.

Tədqiqatçıların sözlərinə görə, balalar sağlam görünür və ehtimal ki, təxminən iki yarım yaşına qədər anaları ilə qalacaqlar. Daha sonra ailənin dəniz buzlarına doğru yola çıxacağı və balaların analarından suitiləri ovlamağı və müstəqil şəkildə sağ qalmağı öyrənəcəyi gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar