Yumurtada xolesterin  - O, nə qədər zərərlidir?
24 dekabr 2025 14:39 (UTC +04:00)

Yumurtada xolesterin - O, nə qədər zərərlidir?

0

Yumşaq bişmiş və ya tavada qızardılmış toyuq yumurtaları sağlamlıq üçün təhlükə yaratmır. Dünyada milyonlarla insanın sevimli səhər yeməyi olan yumurta xolesterinin səviyyəsini artırmır.

Lent.az xəbər verir ki, bu barədə nəticələr The American Journal of Clinical Nutrition jurnalında dərc olunan yeni araşdırmada yer alıb.

Qeyd olunur ki, yaxın keçmişə qədər yumurta yüksək xolesterinin əsas səbəblərindən biri hesab olunurdu. Lakin yeni tədqiqatlar göstərib ki, ürək sağlamlığı üçün əsas təhlükə yumurtanın tərkibindəki xolesterin deyil, digər qidalarda olan doymuş yağlardır.

Cənubi Avstraliya Universitetinin professoru John Buckley mövzu ilə bağlı bildirib ki, yumurta uzun illər ərzində köhnəlmiş qidalanma tövsiyələrinə görə haqsız şəkildə nüfuzdan salınıb. Onun sözlərinə görə, yumurta unikaldır: tərkibində xolesterin çox olsa da, doymuş yağların miqdarı azdır. Məhz xolesterin göstəricisi insanları yumurtanın sağlam qidalanmadakı yeri barədə tərəddüdə salır.

Professorun rəhbərlik etdiyi araşdırmada xolesterinlə doymuş yağların təsiri ayrıca qiymətləndirilib. Nəticələr göstərib ki, yumurtadakı yüksək xolesterin miqdarı, əgər rasionda doymuş yağlar azdırsa, “pis” xolesterinin səviyyəsini artırmır.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti də bu mövqeni təsdiqləyir. Qurumun açıqlamasında qeyd olunur ki, yumurtalar müəyyən miqdarda xolesterin ehtiva etsə də, qida vasitəsilə qəbul edilən doymuş yağlar qandakı xolesterin səviyyəsinə daha güclü təsir göstərir. Sadə dillə desək, problem yumurtanın özündə deyil, onun hansı məhsullarla və necə bişirilməsindədir.

Mütəxəssislər bildirirlər ki, yumurtanın yağlı kolbasa, kərə yağı və digər doymuş yağlarla zəngin məhsullarla birlikdə hazırlanması risk yarada bilər. Sağlam üsullarla bişirildikdə isə yumurta balanslı qidalanmanın faydalı hissəsi hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar