“Quş qripi” ilə bağlı vəziyyət sabitdir
08 aprel 2011 14:27 (UTC +04:00)

“Quş qripi” ilə bağlı vəziyyət sabitdir

Xidmətdən Lent.az-a bildirilib ki, martın 28-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanmış ilin dördüncü monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1206 baş ev quşunun qan nümunəsi, eləcə də 351 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinələr bu gün, aprelin 8-də yekunlaşıb. Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Qeyd edək ki, “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin mayın 2-də başlanması nəzərdə tutulur.

Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizotik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar