TQDK imtahan nəzarətçiləri üçün seminar keçirib
14 aprel 2011 14:34 (UTC +04:00)

TQDK imtahan nəzarətçiləri üçün seminar keçirib

Lent.az-ın komissiyanın saytına istinadən verdiyi məlumata görə, fevralın 8-dən aprelin 13-dək keçirilmiş seminarlar təsdiq olunmuş qrafik üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Göyçay, Mingəçevir, Şəki, Quba, Naxçıvan, Qusar, Ağstafa, Yevlax, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdaş, Cəlilabad, Masallı və Salyan şəhərlərində təşkil olunub. Bakı şəhərində üzrlü səbəblərə görə seminarlarda iştirak edə bilməyən nəzarətçilər üçün martın 10-da və 11-də ayrıca seminarlar keçirilib.

Beləliklə, TQDK-nın Təşkilat şöbəsinin və regional bölmələrinin məsul əməkdaşları tərəfindən keçirilən bu seminarlarda zal nəzarətçiləri bazasına daxil olan 8000-dək müəllim və təhsil işçisi iştirak edib. Onlardan 1000 nəfəri nəzarətçilər bazasına cari ildə daxil edilib.

Seminarlarda imtahan prosesinin idarə olunmasında zal nəzarətçisinin üzərinə düşən vəzifələr, təlimati qaydalar, sənədlərlə iş və imtahanın texnologiyası ətraflı izah olunub. Bu prosedurları nəzarətçi-müəllimlərə dolğun şəkildə çatdırmaq üçün məşğələlər 25-30 nəfərlik qruplarla aparılıb. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə olunub.

Seminarlar–məşğələlərdə nəzarətçiləri imtahan prosesi ilə əyani surətdə tanış etmək məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib.

Seminarlarda iştirak edən müəllimlər, xüsusilə ilk dəfə cəlb olunanlar aprelin 3-dən TQDK tərəfindən keçirilən sınaq imtahanlarına nəzarətçi kimi cəlb olunurlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edir. Onların bu imtahanlarda fəaliyyətləri TQDK-nın əməkdaşları və imtahan rəhbərləri tərəfindən qiymətləndiriləcək, nəzarətçinin qəbul imtahanlarına hazır olub-olmaması barədə rəy veriləcəkdir. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar