Turistlərin başına  od yağdı -  VİDEO
23 iyun 2026 19:46 (UTC +04:00)

Turistlərin başına od yağdı - VİDEO

0

Qvatemalada dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Fueqo vulkanına qalxan turistlər gözlənilmədən güclü püskürmənin mərkəzində qalıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə qızmar lava parçalarının insanların ayaqları altına düşdüyü, onlardan birinin isə turistlərdən birinin gödəkçəsini yandırdığı görünür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, vulkanın kraterinə yaxın ərazidə olan alpinistlər qəfil başlayan püskürmə nəticəsində böyük təhlükə ilə üz-üzə qalıblar.

Yayılan videolarda turistlərin üstünə yağan qızmar daşlardan qorunmaq üçün təşviş içində sığınacaq axtardıqları əks olunub. Lava parçalarından biri dağ silsiləsinə dəyərək çoxsaylı alovlu qəlpələrə parçalanıb və ətrafa səpələnib. Bu zaman kraterdən qalın tüstü buludu qalxıb, turistlər isə qışqıraraq təhlükəli ərazidən uzaqlaşıblar. Qrup üzvlərindən biri yanlarında olan iti qucağına alaraq qaçmağa müvəffəq olub.

Alpinistlərdən Hana Qarsiya hadisənin bir hissəsini telefonla lentə alıb. Onun sözlərinə görə, əvvəlcə püskürməni çəkməyə çalışsa da, qısa müddət sonra vəziyyətin nə qədər təhlükəli olduğunu anlayıb.

Qarsiyanın sözlərinə görə, qızmar daşlardan biri ondan cəmi beş santimetr aralıya düşüb. "Az qala başıma dəyəcəkdi", – o bildirib.

Daha sonra turist gödəkçəsində yaranmış iri yanıq dəliyinin fotosunu paylaşaraq yazıb: "Bu günün həyatımın ən gözəl günü olacağını düşünürdüm. Amma az qala son günüm olacaqdı.

Xoşbəxtlikdən, hadisə nəticəsində turistlərdən heç biri xəsarət almayıb. Qarsiya bildirib ki, yeganə zərər gödəkçəsinin yanması olub.

Mütəxəssislərin məlumatına görə, Fueqo vulkanı Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biridir və adətən hər 15–20 dəqiqədən bir qaz və kül püskürdür. Vulkanın yamacına qalxmaq turistlər arasında məşhur marşrut sayılır və çox vaxt qonşuluqdakı Akatenanqo vulkanına gecə yürüşü ilə birlikdə təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar