Oğlan uşaqlarına bu sözləri  qətiyyən deməyin
29 iyun 2026 14:37 (UTC +04:00)

Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin

0

Valideynlərin övladlarına dediyi sadə görünən bəzi ifadələr onların gələcək psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə oğlan uşaqlarına "ağlama", "naz etmə", "sən kişisən" kimi sözlərin tez-tez deyilməsinin emosional inkişaf baxımından zərərli olduğunu bildirirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqların fikrincə, uşağın ağlamasına mane olmaq əslində onun hisslərini ifadə etməsinə qadağa qoymaq deməkdir.

Bu cür yanaşma uşağa emosiyalarının vacib olmadığını, kömək istəməyin və zəif görünməyin qəbuledilməz olduğunu aşılayır. Mütəxəssislər qeyd edirlər ki, belə mühitdə böyüyən oğlanlar gələcəkdə "canım yanır", "qorxuram", "özümü pis hiss edirəm" kimi ifadələri dilə gətirməkdə çətinlik çəkə bilərlər.

Nəticədə onlar ya hisslərini içlərinə atır, ya da emosiyalarını qəzəb şəklində göstərirlər. Bu isə uzunmüddətli stress, münasibət problemləri və hətta psixosomatik xəstəliklərin yaranmasına səbəb ola bilər.

Valideyn uşağa nə deməlidir?

Psixoloqlar uşağın emosiyalarını qəbul etməyin daha sağlam yanaşma olduğunu vurğulayırlar. Məsələn, "görürəm ki, canın ağrıyır", "ağlamağın normaldır", "mən sənin yanındayam", "mənə danış, nə baş verib?" kimi ifadələr uşağın özünü təhlükəsiz hiss etməsinə kömək edir.

Mütəxəssislərin sözlərinə görə, oğlan uşağının ağlamasına icazə vermək onun zəif böyüməsi demək deyil. Əksinə, hisslərini tanıyan və ifadə etməyi bacaran uşaqlar gələcəkdə psixoloji cəhətdən daha güclü və dayanıqlı insanlar olurlar.

Əgər əvvəllər bu sözləri demisinizsə...

Psixoloqlar bildirirlər ki, valideynlər səhvlərini sonradan da düzəldə bilərlər. Bunun üçün uşağa "sənə ağlama deməyim düzgün deyildi. Ağlamağın normaldır və mən həmişə sənin yanındayam" kimi sözlər demək tövsiyə olunur.

Uşaq evdə öz hisslərini rahat şəkildə ifadə edə bildikdə, cəmiyyət içində daha özünəinamlı və emosional baxımdan sağlam fərd kimi formalaşır.

Uşaq hər xırda səbəbə görə ağlayırsa nə etmək lazımdır?

Mütəxəssislər bildirirlər ki, 3-5 yaşlı uşaqların qırılan qələm, itən oyuncaq və ya kiçik uğursuzluqlara görə ağlaması normal inkişaf mərhələsidir. Əgər 7 yaşdan sonra da uşaq çox tez-tez və güclü emosional reaksiyalar göstərirsə, bunun səbəbi narahatlıq pozuntusu ola bilər və belə hallarda uşaq psixoloquna müraciət etmək faydalıdır.

Uşaq əhəmiyyətsiz görünən səbəbə görə ağlayanda təsəlli vermək lazımdırmı?

Mütəxəssislər hesab edirlər ki, səbəb valideynə kiçik görünsə belə, uşaq üçün həmin hisslər realdır. Onu qucaqlamaq, dinləmək və emosiyalarını qəbul etmək uşağın empatiya və emosional intellektinin inkişafına müsbət təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar