Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 2 ayda 164 müraciət daxil olub
08 aprel 2011 19:45 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 2 ayda 164 müraciət daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2011-ci ilin fevral və mart ayları ərzində nazirliyin “Qaynar xətt”inə 164 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.

Ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 134, havadan gələn kəskin qoxu ilə bağlı 4, məişət tullantılarının qalaqlanması ilə bağlı 6, səs-küylə əlaqədar isə 1 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən araşdırılaraq 9 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb, 12 müraciət isə öz təsdiqini tapmayıb. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 134 müraciətdən 131-ə yerində baxış keçirilərək təhlükə yaradan ağaclara müvafiq rəy və təkliflər verilib, 3 müraciət isə icradadır.

Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi və səs-küy ilə əlaqədar daxil olmuş 11 müraciətdən 5-i ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 6 müraciət nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb. Araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qaynar xətt” – rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək məqsədilə fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1594

Oxşar yazılar